BAKI, 19 avqust. TELEQRAF

Bu ilin sonuna Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.

Teleqraf bu barədə Maliyyə Nazirliyinin beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədinə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların məlumatına əsasən, büdcə gəlirlərinin 49,1 faizi (19 milyard 243 milyon manat) neft-qaz sektorunun, 50,9 faizi (19 milyard 949 milyon manat) isə qeyri-neft-qaz sektorunun payına düşür. Hər iki sahə üzrə: neft-qaz sektoru üzrə gəlirlər 470 milyon manat (2,5%), qeyri-neft sektoru üzrə isə 366 milyon manat (1,9%) artacağı proqnozlaşdırılır.

Büdcə gəlirlərinin strukturuna baxıldıqda, 16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 20 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektorunda daxilolmaların əsas hissəsi Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən podratçılardan və SOCAR tərəfindən ödənilən vergilərdən ibarət olacağı gözlənilir. Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313,0 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar Şahdəniz üzrə mənfəət vergisi daxilolmalarının 2025-ci ildə 600 milyon manat və ya 40 faiz artacağı gözlənilir.

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları isə 3 faiz artaraq 12 milyard 20 milyon manata çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında vergi daxilolmaları proqnozdan 466,4 milyon manat (5,7 faiz) artıq olub. Bunun 218,6 milyon manatı qeyri-neft, 247,8 milyon manatı isə neft-qaz sektorunun payına düşüb.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz azdır.

Eyni zamanda, dövlət əmlakı və özəlləşdirilmiş müəssisələrin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 min manat səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki proqnozla müqayisədə 6 min manat və ya 17,6 faiz çoxdur. Sair daxilolmalar üzrə isə 1 milyard 71 milyon manat gəlir gözlənilir ki, bu da təsdiq olunmuş 861 milyon manatlıq proqnozla müqayisədə 210 milyon manat və ya 24,4 faiz artım deməkdir.

Bununla yanaşı, gömrük rüsumları və idxala görə vergi daxilolmalarının 6 milyard 600 milyon manat, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlərin isə 14 milyard 481 milyon manat səviyyəsində qalacağı və əvvəlki təsdiq olunmuş proqnozlarla eyni həcmdə olacağı bildirilir.