BAKI, 8 avqust. TELEQRAF

Ötən ay süd məhsulları üzrə qlobal qiymət indeksi iyun ayı ilə müqayisədə 0,1 faiz azalaraq 155,3 bəndə enib ki, bu da 2024-cü ilin aprelindən bəri ilk dəfə azalma deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabtında qeyd olunub.

Ucuzalaşmaya əsas səbəb kimi kərə yağı və quru südün qiymətlərindəki eniş göstərilir. Bu isə kifayət qədər ixrac təklifi və xüsusilə Asiya ölkələrində azalan idxal tələbi ilə əlaqələndirilir.

Bununla yanaşı, pendirə olan beynəlxalq qiymət artımı isə Asiya və Yaxın Şərq bazarlarından yüksək tələbat və Avropa İttifaqında ixrac imkanlarının azalması ilə bağlıdır.

Digər tərəfdən, FAO-nun şəkər üzrə qiymət indeksi artıq beşinci ay ardıcıl olaraq azalıb. İyul ayında bu indeks 0,2 faiz geriləyərək 103,3 bənd səviyyəsinə enib.

Şəkər qiymətlərinə aşağı yönümlü təzyiq əsasən 2025–2026 mövsümündə Braziliya, Hindistan və Tailandda dünya istehsalının bərpa olunacağı gözləntisi ilə bağlıdır. Lakin bu azalma qlobal idxal tələbinin cüzi artması ilə kompensasiya edilib.