BAKI, 28 iyul. TELEQRAF

Bakıdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətlərinə 92 ədəd yeni və müasir avtobus cəlb olunub.

Yerüstü Nəqliyyat Agentliyindən ( AYNA) Teleqraf-a verilən məlumata görə bu, avtobus parkının təxminən 30%-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.

Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100%) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.

Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45%-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.

Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40% yenilənməsinə nail olunub.

Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib.

Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92%-i onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin ilk 7 ayında 26% olub.