BAKI, 3 iyul. TELEQRAF
2025-ci ilin yanvar-iyun ayları ərzində xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı icra olunub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib. Bu göstərici altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.
Gəlirlərdə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091,1 milyon manattəşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 milyard 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.
Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz azdır.
Qeyd edək ki, yanvar -iyun ayları ərzində dövlət büdcəsinin xərcləri isə 17 milyard 275,9 milyon manat proqnoza qarşı 17 milyard 95,6 milyon manat və ya 99 faiz səviyyəsində icra olunub.