BAKI, 21 iyun. TELEQRAF
Bu günədək ölkə üzrə əkin sahələrindən 1 087 507 ton taxıl toplanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, taxıl sahələrinin 35,6 faizində biçin başa çatıb. Eyni zamanda, payızlıq əkin sahələrinin 35,6 faizində də biçin yekunlaşıb və həmin sahələrdən 1 087 507 ton məhsul yığılıb.
Məlumata əsasən, buğda sahələrinin 13,2 faizi, arpa sahələrinin isə 62,1 faizi artıq biçilib. Hazırda orta məhsuldarlıq buğda üzrə 35,3 sentner, arpa üzrə isə 32,2 sentner təşkil edir.
Biçin prosesində ümumilikdə 1 604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1 006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd) və Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub.
2024–2025-ci təsərrüfat ili üçün ölkə üzrə 426 623 hektar arpa sahəsi əkilib. Bu sahələrin 264 861 hektarında biçin başa çatıb və 852 176 ton arpa yığılıb.
Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax və Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Bununla yanaşı, Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdab rayonlarında arpa biçini üzrə göstərici 90 faizdən yuxarıdır.
Qeyd edək ki, hazırda respublikanın 51 rayonunda biçin işləri aktiv şəkildə davam etdirilir.