
BAKI, 18 iyun. TELEQRAF
"Az-Caspian CONSTRUCTİON" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Teleqraf xəbər verir ki, hazırda şirkətin vergi borcu 1 milyon 746 min 836 manat təşkil edir.
Araşdırmalarımız göstərir ki, şirkətin dövlətə borcu 2021-ci ildən şişməyə başlayıb. Həmin il vergi borcu cəmi 177 manat 21 qəpik olub.
"Az-Caspian CONSTRUCTİON" MMC riskli vergi ödəyicisi olaraq qeydiyyatda olmasa da, Vergi Məcəlləsini pozduğu üçün şirkətə qarşı 2009, 2014, 2015, 2020, 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 16 hal üzrə 640 manatlıq maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, şirkət dövlət vəsaitləri hesabına maliyyələşən layihələr üzrə keçirilən bir çox tenderlərin qalibidir. Xüsusilə 2022-ci ildən Qarabağda milyonluq layihələrdə iştirak edib. Halbuki “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.
O ki qaldı "Az-Caspian CONSTRUCTİON" MMC-nin "qalib" olduğu tenderlərə, bu ilin mayında Təhsil Nazirliyinin "Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi" ilə müqavilə imzalanıb. "Az-Caspian CONSTRUCTİON" Xankəndi şəhərində yerləşən 7 ədəd (2 və 3-cü binalar) yataqxana tipli yaşayış binalarını 4 milyon 550 min manata əsaslı təmir edəcək.
Bundan başqa, "Ərazi Tikinti-Planlaşdirma Mərkəzi" 2021-ci ildə Ağdam və Tərtər rayonlarında dağıdılan, qəzalı vəziyyətə düşən, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərini "Az-Caspian CONSTRUCTİON" MMC-yə həvalə edib. Qurum bunun üçün MMC-yə 2 tender üzrə toplam 7 milyon 450 min 300 manat ödəyib.
"Dövlət Şəhərsalma və Arxitertura Komitəsi" isə həmin ilin iyul ayında təkcə Tərtər rayonunda aparılacaq təmir və bərpa işləri üçün MMC-yə 1 milyon 368 min 546 AZN vəsait ödəyib.
Bundan əlavə Elm və Təhsil Nazirliyinin “Əsaslı Tikinti və Təchizat İdarəsi” 2023-cü ildə "Az-Caspian CONSTRUCTİON" ilə Ağdamın Rzalar kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı 2 milyon 778 min 782 manat dəyərində müqavilə imzalayıb. Müqavilə üzrə işlərin bitmə tarixi kimi ötən ilin sonu göstərilib. Lakin bu ilin fevralında rəsmi mediada binanın fasad və daxilində suvaq, həmçinin santexnik, elektrik işləri görüldüyü, dam örtüyünün vurulduğu, işlərin avqust ayında başa çatdırılacağı yönündə məlumatlar yer alıb. Digər təzadlı məqam Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Rzalar kənd orta məktəbinin tikintisinə 7 mart 2025-ci il tarixli ETİ-30/25 saylı sənəd əsasında icazə verməsidir. Yəni nazirlik məktəbi tikib, sonra ekspertiza rəyi alıb.
"Az-Caspian CONSTRUCTİON"nın Qarabağda icra etdiyi layihələr bununla bitmir. Şirkət Bərdənin Alpoud kəndində 264 şagird yerlik tam orta məktəbin tikintisini də icra edib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin “Əsaslı Tikinti və Təchizat İdarəsi” ilə müqavilə 2022-ci ildə imzalanan müqaviləyə əsasən şirkətə 4 milyon 145 min 965 manat ödənilib.
Xatırladaq ki, "Az-Caspian CONSTRUCTİON" MMC "Azər Xalça" ASC-nin sifarişi ilə Nardaran Xalça fabrikini, Fəhlə əlləri parkını, Tərtər rayonu Suqovuşan qəsəbəsi kotec tipli yaşayış evləri və 2 mərtəbəli butik otelini, İDEA-nın ABAD həyət layihəsi və digər bir çox layihələrin tikintisini də həyata keçirib.
Şirkət 2009-cu ilin yanvarın 21-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur.