BAKI, 18 iyun. TELEQRAF
Bu ilin yanvar-may aylarında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 86,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.
Qurumdan Teleqraf-a verilən məlumata görə, dövr ərzində 18 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 68,6 milyon manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Eyni zamanda, bu ilin ilk 5 ayı ərzində 233-ü qeyri-yaşayış, 1.519-u torpaq sahələri üzrə olmaqla 1.752 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım qeydə alınıb.