BAKI, 3 iyun. TELEQRAF
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bir sıra ölkələrdə tətbiq edilən ticarət tarifləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu 2,9%-ə endirib.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın aralıq iqtisadi proqnozunda məlumat verilib.
"Son bir neçə ayda biz ticarət maneələrində əhəmiyyətli artım, eləcə də iqtisadi və ticarət siyasətləri ətrafında qeyri-müəyyənlik müşahidə etdik. Bu çətin və qeyri-müəyyən mühitdə artım proqnozlarımızı aşağı saldıq. İndi biz qlobal artımın 2024-cü ildəki 3,3% göstəricidən 2,9%-ə enəcəyini və 2026-cı ildə dünyanın hər bir ölkəsində iqtisadi vəziyyətin virtual olaraq zəifləyəcəyini proqnozlaşdırırıq”, - deyə sənəddə bildirilib.
Eyni zamanda, 2025-ci ilin mart ayında təşkilat qlobal iqtisadi artımla bağlı gözləntilərini 3,1%-ə endirib. Ötən ilin sentyabrında isə OECD ekspertləri 2025-ci ildə bu rəqəmin 3,2% olacağını gözləyirdilər.
2026-cı ildə inflyasiyanın əksər ölkələrdə mərkəzi bankların hədəflədiyi səviyyəyə düşəcəyi gözlənilir. Təşkilatın hesabatında bildirilib ki, bu, dövlət borcları ilə bağlı riskləri artır. Növbəti iki ildə inkişaf etmiş ölkələrdə dövlət borcu orta hesabla onların ÜDM-inin 2,3%-i qədər artacaq. Bu artım avrozonada 1,5%, ABŞ-da isə 5,9% səviyyəsində proqnozlaşdırılır.
OECD-nin proqnozuna görə, Avrozona ölkələrində ÜDM artımı 2025-ci ildə 1%, 2026-cı ildə isə 1,2% olacaq. ABŞ iqtisadiyyatının isə 2025-ci ildə 1,6%, 2026-cı ildə isə 1,5% artacağı gözlənilir. Çində isə bu göstərici 2025-ci ildə 4,7%, 2026-cı ildə isə 4,3% səviyyəsində proqnozlaşdırılır.