BAKI, 27 may. TELEQRAF

2024-cü il üzrə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsi qarşısında borcu 19,7 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, bu göstərici dövlət mülkiyyəti üzrə ümumi 217,2 milyon manatlıq borcun əhəmiyyətli hissəsini təşkil edib. Ötən il qurum büdcəyə 9,5 milyon manat ödəniş edib.

Dövlət mülkiyyəti üzrə digər qurumların, o cümlədən ARDNŞ və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki müəssisələrin hər birinin borcu 0,1 milyon manat, “Azərsu” ASC-nin isə 0,2 milyon manat olub. Büdcə təşkilatlarının ümumi borcu isə 16,2 milyon manat səviyyəsində qeydə alınıb.

Ümumilikdə isə 2024-cü il üzrə vergi ödəyicilərinin dövlət büdcəsi ilə hesablaşmaları üzrə borc qalığı 3 milyard 169,3 milyon manat təşkil edib.