BAKI, 27 may. TELEQRAF
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Handysize” tipli ilk quru yük gəmisinin – “Xocalı" ilə ötən dövrdə 7 beynəlxalq reys həyata keçirilib.
ASCO-dan Teleqraf-a verilən məlumata görə bu müddətdə nəhəng gəmi ilə soda, şəkər, taxta, kükürd, sement və digər quru yüklər olmaqla, ümumilikdə 231 748 ton yük daşınıb.
Sakit, Atlantik və Hind okeanlarını əhatə edən səfərlər çərçivəsində gəmi dünyanın bir çox limanlarına, o cümlədən ABŞ, Çin, Cənubi Koreya, İndoneziya, Hindistan, Meksika və s kimi ölkələrin 15-dən çox ayrı-ayrı limanlarına yan alıb.
Qeyd edək ki, ötən ilin 27 may tarixində Çin Xalq Respublikasında istismara qəbul olunan "Xocalı" məhdudiyyətsiz üzmə imkanlarına malikdir. Gəminin yükgötürmə qabiliyyəti (dedveyti) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu isə 10,47 metr, maksimum sürəti 15,7 uzeldir.