BAKI, 26 may. TELEQRAF
Dövlətə külli miqdarda borcu olan "Azərmaş Cp" Məhdud Məsuliyyətli Cəmiyyəti may ayının əvvəlindən indiyədək 5 tender müqaviləsi imzalayıb.
Teleqraf xəbər verir ki, bağlanan müqavilələrin toplam dəyəri 54 442 manat təşkil edir.
Sözügedən MMC nəqliyyat vasitələrinin təmiri, satışı və servis xidmətləri üçün bir sıra qurumlarla razılaşmalar əldə edib. Bu ay ərzində MMC ilə müqavilə bağlayan qurumlar arasında "Aqrar Xidmətlər Agentliyi" və "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi Şəxsi yer alır.
MMC-nin ən son imzaladığı müqavilə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi Şəxsi ilə olub. Belə ki, agentliyə məxsus 2 ədəd “Chevrolet COBALT LTZ” markalı minik nəqliyyat vasitələrinə texniki qulluq üçün MMC-yə 6.508 manat vəsait ödəniləcək.
"Azərmaş Cp"ın ilk müqaviləsi isə 2022-ci ildə "İnnovasiya Və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi ilə baş tutub. Mərkəz 180 000 manata MMC-dən 3 ədəd xidməti minik avtomobili satın alıb.
Qeyd edək ki, "Azərmaş Cp" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda vergi borcu 2 milyon 776 min 495.93 manat təşkil edir. Şirkət həmçinin, 2020-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən ümumilikdə 10 hal üzrə toplam 400 manat maliyyə sanksiyası alıb.
Şirkət 2018-ci ilin noyabrında yaradılıb, qanuni təmsilçisi Salıev Otabek Ulugbekovıch olan MMC-nin nizamnamə kapitalı 100 manatdır.
Xatırladaq ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılan minik avtomobillərinin istehsalı kompleksinin 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Kompleksin investisiya həcmi 104 milyon manatdır. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq və istehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.