BAKI, 20 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,824 milyard dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında bu rəqəm 1,308 milyard dollar olub.

Cari ilin ilk dörd ayında Azərbaycan məhsullarının Rusiyaya ixracı 0,8% azalaraq 322,862 milyon dollar olub. Eyni dövrdə, Rusiya Federasiyasından ölkəyə idxal edilən məhsulların həcmi isə 1,5 dəfə artaraq 1,501 milyard dollar təşkil edib.

Onu da bildirək ki, dövr ərzində Rusiya, Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb. Buna görə, Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın xarici ticarət dövriyyəsinin 10,78%-ni təşkil edib.

Eyni zamanda, Azərbaycanın idxalında Rusiya istehsallı məhsullar əhəmiyytəli yer tutur. Hesabat dövründə idxalın ümumi həcmində Rusiyanın xüsusi çəkisi 18,45%-ə bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4,799 milyard dollar təşkil edib ki, bu da əvvəlki 2023-cü illə müqayisədə 10,1% artım deməkdir.