BAKI, 20 may. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin külli miqdarda vergi borcu yaranıb.
Teleqraf xəbər verir ki, qurumun vergi borcu artaraq hazırda 7 000 132.52 manat təşkil edir.
Xatırladaq ki, bir il əvvəl dövlət orqanının vergi borcu 6 991 660.62 təşkil edib.
Qeyd edək ki, qurum 2009-cu ildən bəri fəaliyyət göstərir, qanuni təmsilçisi Eynullayev Mətin Balasən oğludur. 2019-cu ildən isə Prezident İlham Əliyevin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Qurum dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir.