BAKI, 1 may. TELEQRAF

Abşeron rayonunun Qobu qəsəbəsinə gedən yolun bir hissəsi çöküb.

Bu barədə Teleqraf-a sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə bir müddət əvvəl baş verib. Qobu ilə Abşeronun digər qəsəbəsi olan Hökməli arasındakı yolda su xətti partlayıb. Nəticədə həmin hissədə yol tamamilə dağılıb və keçilməz olub. Ona görə də qəsəbəyə gedənlər başqa yollardan istifadə edirlər. Bu da əlavə xərc və vaxt itkisi deməkdir. Ən böyük problem isə Qobuya işləyən 567 saylı marşrut avtobusu ilə bağlıdır. Sərnişinlə dolu nəqliyyat vasitəsi yolun dağılmış hissəsindən çətinliklə keçir.

Müvafiq qurumlar isə bununla bağlı heç bir tədbir görməyiblər. Yalnız yolun çökmüş hissəsinə daş doldurublar. Daha doğrusu əraziyə daş töküb gediblər. Avtomobillər onun üzərindən hərəkət edirlər.

Sakinlər bildirirlər ki, aylardır aidiyyatı qurumlara müraciət edilsə də problem həll olunmur.

Teleqraf məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu verib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidəki vəziyyət qiymətləndirilib və problemin həlli diqqət mərkəzindədir.

“Yaxın müddətdə ərazidə təmir işləri aparılacaq”, - o vurğulayıb.