BAKI, 30 aprel. TELEQRAF

Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları Dubayda keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində nümayiş etdirilir.

Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, sərgi stendində, həmçinin, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası da həyata keçirilir.

Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını "BÜROMAX" MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Yeri gəlmişkən, bu yöndə elan edilən tenderin ümumi dəyəri 407 min manat təşkil edirdi.

Əlavə olaraq, sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.