BAKI, 30 aprel. TELEQRAF
"Naftoqaz Ukrayna" "Qazprom"a qarşı məhkəmə qərarını pozduğuna görə 1,35 milyard dollardan çox cərimələnə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinin qərarında bildirilib.
Məhkəmə qərarında bildirilib ki, "Qazprom" Rusiya məhkəməsinin “Naftoqaz” şirkətinin Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsində prosesləri davam etdirməsini qadağan edən qərarının icra olunmamasını əsas gətirərək cəzanın artırılmasını istəyib, “üstəlik, xarici arbitrajda cavabdeh ərizəçiyə qarşı iddialarını ümumilikdə 117,5 min dollar artırıb. “Naftoqaz” həmçinin “Qazprom”dan 1,58 milyon avro arbitraj xərclərini geri almaq istəyir.
Nəticədə Rusiya məhkəməsi “Qazprom”un tələbini təmin edərək “Naftoqaz”a qarşı tətbiq olunacaq cəriməni 1,352 milyard ABŞ dollarına qədər artırıb.
2024-cü ilin yanvarında Rusiya məhkəməsi “Naftoqaz Ukrayna”ya Beynəlxalq Arbitraj Məhkəməsində işin davam etdirilməsini qadağan etmişdi. Həmin vaxt məhkəmə qadağanın pozulması halında “Naftoqaz”dan “Qazprom” xeyrinə təxminən 150 milyon dollar cərimə tutulmasına qərar vermişdi. Yeni qərarla isə bu məbləğ 1,35 milyard dolları ötəcək.
Xatırladaq ki, 2022-ci ilin payızında “Naftoqaz Ukrayna”, qazın Ukrayna ərazisindən daşınması xidmətlərinin vaxtında ödənilməməsinə görə “Qazprom”a qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırmışdı. “Qazprom”un rəhbəri Aleksey Miller bu arbitrajın qeyri-legitim olduğunu və prosesdə iştirakın mənasız olduğunu bildirmişdi. Bununla yanaşı, Rusiya “Naftoqaz” tərəfindən hər hansı qeyri-qanuni addım atılacağı təqdirdə şirkətə qarşı sanksiyalar tətbiq edə biləcəyini, bunun da qarşılıqlı əlaqələri mümkünsüz edəcəyini bəyan etmişdi.
“Naftoqaz”, həmçinin Haaqa Arbitraj Məhkəməsinin qərarı ilə Krımda itirilmiş aktivlərə görə Rusiyadan 5 milyard dolların məcburi qaydada tutulması proseduruna da başlayıb. Şirkət 2017-ci ilin sentyabrında beynəlxalq tribunalda Rusiya əleyhinə iddia qaldıraraq Krımda itirilmiş aktivlərə görə təzminat tələb etmişdi. İddia edilən əmlaka “Çernomornefteqaz” törəmə şirkətinin istehsal aktivləri, Krımdakı yeraltı qaz anbarındakı qaz və digər törəmə şirkətlərin aktivləri daxil idi. Daha sonra bu iddia yenilənmiş və Kiyev ümumilikdə 10 milyard dollar tələb etmişdi.