BAKI, 23 aprel. TELEQRAF

“Crescent Residences” kompleksində daha bir 3 otaqlı mənzil yüksək qiymətə satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, ümumi sahəsi 375.2 kvadratmetr olan yeni tikilinin kvadratmetri 15 900 manat təşkil edir. Mənzilin ümumi dəyəri isə 5 milyon 950 min manatdır.

Mənzil 33 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir.

Mənzilin yerləşdiyi “Crescent Residences” yaşayış kompleksi, biznes, ticarət və istirahət imkanlarını bir araya gətirən "Crescent Bay" kompleksinin mərkəzində yerləşir. Kompleksin bir hissəsi olan beşulduzlu “St. Regis Hotel”, premium ofis sahələri – "Crescent Offices" və yeni ticarət mərkəzi – "Crescent Mall" ilə bu layihə əsl urban həyat tərzini təcəssüm etdirir. Dəniz kənarında yerləşən bu yaşayış kompleksi həm Xəzər dənizinə, həm də şəhərə açılan unikal mənzərəsi ilə fərqlənir.

Qeyd edəki ki, PAŞA İnşaat tərəfindən inşa edilən bu kompleks DSA Architects International şirkətinin innovativ və davamlı memarlıq prinsipləri əsasında dizayn olunub. Kompleksdə 24/7 təhlükəsizlik xidməti, konsyerj və resepsiyon, qapalı hovuz, SPA və özünəqulluq mərkəzi, müasir idman zalı və yeraltı avtodayanacaq kimi üstün infrastruktur imkanları da təqdim olunur.

Elanda qeyd edilənə görə, mənzilin çıxarışı yoxdur. Alıcılara isə xüsusi olaraq 30% ilkin ödənişlə və 36 aylıq daxili faizsiz kredit şərtləri ilə ödəmə imkanı təklif olunur.