BAKI, 23 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dəmir Yollarının (ADY) sərnişin və yük qatarlarının qarşısına nəzarətsiz buraxılmış heyvanların çıxması nəticəsində 14 toqquşma hadisəsi qeydə alınıb.
Azərbaycan Dəmir Yollarından Teleqraf-a verilən məlumata görə, bu cür hallar həm qatarların qrafikində gecikmələrə, həm də təhlükəsizlik risklərinin artmasına səbəb olur.
Xatırladaq ki, bir neçə ay öncə Ağstafa-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının iribuynuzlu təsərrüfat heyvanı ilə toqquşması nəticəsində qrafikdə gecikmə yaşanıb, heyvan tələf olub və qatar zərər görüb. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində heyvanın sahibi müəyyən olunub və qatara dəymiş ziyana görə qanunvericiliyə uyğun olaraq cərimələnib. Həmin şəxs yazılı izahatında hadisənin öz səhlənkarlığı nəticəsində baş verdiyini etiraf edib.
ADY bir daha vətəndaşlara müraciət edərək dəmir yolu ətrafında heyvanların nəzarətsiz buraxılmamasını xahiş edir.