BAKI, 21 aprel. TELEQRAF
İlon Maskın son dövrdəki siyasi mövqeyi və fəaliyyəti "Tesla"ya ciddi təsir göstərib. Hesablamalara görə, şirkət alıcı tələbatında 15-20% azalma ilə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "Wedbush Securities" investisiya şirkətinin analitiki Den Ayves "Bloomberg" agentliyinə danışıb.
Ayves bildirib ki, "Tesla" Maskın şəxsi imici ilə ayrılmaz şəkildə bağlıdır. Onun sözlərinə görə, Maskın ABŞ Hökumətinin Səmərəlilik Departamentinin (DOGE) kuratoru kimi fəaliyyəti və Prezident Donald Trampın siyasi platformasını dəstəkləməsi şirkətin potensial müştərilərini uzaqlaşdırır.
“Tesla"nın 15-20%-lik potensial tələb itkisi ilə üzləşəcəyi istisna edilmir.
Qeyd edək ki, son aylarda "Tesla" yalnız ABŞ-də deyil, həmçinin Avropa və Çin bazarlarında da ciddi satış problemləri ilə qarşılaşır. Çin istehsalı olan və daha sərfəli qiymətlərlə təklif edilən elektrik avtomobilləri "Tesla"nın bazar payını əhəmiyyətli dərəcədə sıxışdırır. Eyni zamanda, Maskın siyasi aktivliyi Avropa və ABŞ-da müştərilər arasında narazılıq yaradıb. Bu səbəbdən, sosial mediada "Tesla" məhsullarına qarşı boykot çağırışları artıb.