BAKI, 17 aprel. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il üzrə büdcə gəlir və xərclərinin icrası, eləcə də sərbəst vəsaitlərin idarə olunması üzrə aparılan audit nəticəsində bir sıra uyğunsuzluqlar və qanun pozuntuları aşkarlanıb.

Teleqraf Hesablama Palatasına əsasən məlumat verir ki, audit zamanı fondun 5 milyon 883 min manat məbləğində investisiya gəlirinin və həmin gəlirlərin əldə olunmasına çəkilən 253 min manat xərcin büdcə icrası sənədlərində nəzərə alınmadığı müəyyən edilib.

1 milyard 50 milyon manat məbləğində investisiya üçün ayrılmış vəsait “sair xərclər” adı altında göstərilib və qanunvericilikdə nəzərdə tutulmuş istiqamətlər üzrə təsnif edilməyib. Dövlət icbari şəxsi sığorta çərçivəsində daxil olan 41 milyon 113 min manat və xərclənən 16 milyon 18 min manat məbləğində vəsait büdcə sənədlərində əks etdirilməyib.

Qanunvericiliyə əsasən, Fondun büdcəsində gəlir və xərclər bərabər təsdiqlənməlidir. Ancaq audit nəticəsində müəyyən olunub ki, gəlirlər xərcləri 625,1 milyon manat üstələyib. Bu fərq isə 1 milyard 50 milyon manatlıq investisiya xərclərinin büdcə sənədlərində nəzərə alınmaması səbəbindən yaranıb.