BAKI, 11 aprel. TELEQRAF
Avropada aprel ayında qaz anbarlarından ötən ilin eyni dövrü ilə müqayisədə 34% çox qaz çıxarılıb. Anbarlara qazın vurulması isə 22% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Gas Infrastructure Europe (GIE) təşkilatı məlumat verib. Bildirilib ki, müvəqqəti soyuq hava şəraiti region ölkələrində qazın yeraltı qaz anbarlarına vurulmasını ləngidir.
Aprelin 9-da Avropa İttifaqı ölkələrinin anbarlarına vurulan qazın həcmi 123 milyon kubmetr təşkil edib, anbarlardan çıxarılan qaz isə 112 milyon kubmetrə çatıb. Qış mövsümündə yüksək istehlak səbəbilə, hazırda anbarlara olan qaz ehtiyatı 38,2 milyard kubmetr təşkil edir ki, bu da müşahidələrin aparıldığı tarixdə yeddinci ən yüksək göstəricidir.
Hazırda Avropa qaz anbarlarının doluluq səviyyəsi 34,97%-dir ki, bu da son beş ilin eyni tarix üzrə orta göstəricisindən 10,94 faiz bəndi azdır. Keçən ilin eyni dövründə bu göstərici 60,65% idi. Aİ-nin tələbinə görə, ölkələr hər il 1 noyabra qədər qaz anbarlarını minimum 90% səviyyəsində doldurmalıdır. Ekspertlər bildirirlər ki, bu tələbin yerinə yetirilməsi üçün qarşıdakı mövsümdə anbarlara ən azı 61 milyard kubmetr həcmində təmiz qaz vurulmalıdır. Bu, ötən illə müqayisədə 50% çoxdur və tarixdə ən yüksək göstəricilərdən biri ola bilər.
Qeyd edək ki, Avropada istilik mövsümü martın 28-də başa çatıb və 151 gün davam edib. Bu müddətdə Aİ ölkələri anbarlardan ümumilikdə 74 milyard kubmetr qaz çıxarıb. Netto çıxarılma isə 69 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 44% və 54% artım deməkdir.
Həmçinin, LNG (mayeləşdirilmiş təbii qaz) idxalı da rekord templərlə davam edir. Aprel ayında Avropanın qaz nəqli sisteminə LNG terminallarından daxil olan qaz həcmi mart ayındakı rekord 12,7 milyard kubmetrlik göstəricidən də yüksək olub. Hazırda regazifikasiya gücü maksimum səviyyənin 55%-i qədər yüklənib. LNG idxalı ötən ilin aprel ayı ilə müqayisədə 25% artıb.
Mart ayında Avropada qazın orta idxal qiyməti 1000 kubmetr üçün təxminən 467 dollar, aprel ayında isə 423 dollar olub. Aprelin ilk günlərində havaların sərin keçməsi qaz tələbatına təsir etsə də, həftəsonuna doğru havaların istiləşməsi gözlənilir.