BAKI, 9 aprel. TELEQRAF

BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıldığını elan edib.

Teleqraf xəbər verir ki, tərəflər arasında ilkin tərəfdaşlıq sazişi London Oyunlarından əvvəl 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.

On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə bp-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb.

İndiyədək bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Oyunlarında, Bakı 2015 Avropa Oyunlarında, Rio 2016 Oyunlarında, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio 2020 Oyunlarında və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.

Tərəfdaşlığın bir hissəsi olaraq, bp həmçinin, Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp-nin ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu bir daha vurğulayıb:

"30 ildən artıqdır ki, bp milli komandaların və idmançıların inkişafı və ölkənin iri beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir.

bp bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək".