BAKI, 9 aprel. TELEQRAF

"Fitch Ratings" ABŞ-nin tətbiq etdiyi tariflərin ölkədə tənəzzül risklərini əhəmiyyətli dərəcədə artırdığını və bu vəziyyətin Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini daha da azaltmaq imkanlarını məhdudlaşdıra biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, agentlik tariflərin maliyyə təsirinin qarışıq xarakter daşıdığını və əsas iqtisadi problemlərin həllinə kömək etməyəcəyini irəli sürür.

Bildirilib ki, tarif gəlirləri bu il ABŞ-nin büdcə kəsirinin azalmasına dəstək versə də, iqtisadi artıma vurulan zərbə və əlavə vergi endirimləri uzunmüddətli fiskal faydaları məhdudlaşdıracaq.

"Fitch" ekspertləri hesab edir edir ki, əgər uzunmüddətli xərcləmə təzyiqləri aradan qaldırılmazsa, ölkənin dövlət borcunun ÜDM-ə nisbətini sabitləşdirmək çətin olacaq.

Agentlikdən eyni zamanda, daha kəskin iqtisadi yavaşlama halında qeyri-tarif gəlirlərinin üzərində əhəmiyyətli təzyiqlər yaranacağını və bunun nəticəsində tariflərdən əldə olunan gəlir artımının gecikəcəyi vurğulanıb. Bununla yanaşı, maliyyə bazarlarında yaranacaq volatilliklə birlikdə bu mənfi təsirlərin 2026-cı ilə qədər özünü daha aydın göstərəcəyi vurğulanıb.

Bundan əlavə, bəyanatda, aprelin 2-də açıqlanan qarşılıqlı tariflər nəticəsində ABŞ-ın effektiv tarif dərəcəsinin təxminən 25%-ə yüksəldiyi xatırladılıb. "Fitch" dən bu göstəricinin digər şərtlər dəyişməz qaldıqda gəlirlərin artması anlamına gəldiyi vurğulanıb.