
BAKI, 17 mart. TELEQRAF
Bakıda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, ilk dəfə olaraq müntəzəm marşrutlar üzrə xəttə çıxan nəqliyyat vasitələrinin sayı 2200-ü keçib.
2022-ci ildə Bakı şəhəri üzrə sərnişindaşımada 1720 avtobus istismar edilirdisə, bu gün bu say 2203 təşkil edib. Ötən il isə bu rəqəm 2 160 idi.
Eyni zamanda, AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər də davam etdirilir.
Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77%-ni təşkil edir.