
BAKI, 15 mart. TELEQRAF
Dövlət Turizm Agentliyi aprelin 28-də Dubayda keçiriləcək “ATM Dubai 2025" turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı açıq tender elan edib. Tenderin ehtimal olunan qiyməti 407 min 82 manatdır. Təkliflərin son təqdim olunma tarixi bu il aprelin 10-dur.
Teleqraf xəbər verir ki, sərgi stendinin quraşdırılmasına yarım milyon manata yaxın vəsait xərcləyən Dövlət Turizm Agentliyi tədbirdə iştirak etmək istəyən sahibkarlıq subyetklərinin qeydiyyatı üçün vəsait tələb edir.
"ATM Dubay 2025" sərgisində iştirak etmək istəyən hotellər və turizm şirkətləri Dövlət Turizm Agentliyinin tabeliyindəki Dövlət Turizm Bürosuna 3000 min manat ödəyərək qeydiyyatdan keçiblər. Hazırda şirkətlərin qiymətləndirilməsi prosesi gedir.
Yeri gəlmişkən, məbləğə ƏDV daxil deyil.18 faiz ƏDV də hesablandıqda sərgidə iştirak üçün hər bir subyekt 3540 manat ödəyib. Nəzərə alsaq ki, belə tədbirlərdə adətən 40-a yaxın şirktət təmsil olunur, bu, büroya 141 min 600 manat ödəniş edilməsi deməkdir.
Vəsaitə hotel və turizm şirkətlərinin səyahət xərcləri daxil deyil. Bütün bunlar iştirakçıların özləri tərəfindən ödənilir. Qeydiyyatdan keçmək hələ bu tədbirdə 100% iştirakı demək deyil. Son qeydiyyat tarixi bitdikdən sonra qiymətləndirilmə aparılır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndərilir.
Qeyd edək ki, Tel-Əviv şəhərində keçiriləcək "IMTM 2025" sərgisinə qeydiyyatın da məbləği 2500 manat təşkil edib.
Onu da bildirək ki, Hesablama Palatası Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə bağlı yoxlama aparır. Qurumun indiyədək agentliklə bağlı audit yoxlamasına rast gəlinməyib.