BAKI, 13 fevral. TELEQRAF

Bu ilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,2 faiz artaraq 192.945 vahid təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 faizi yerli investisiyalı, 10,4 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,9 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Bundan başqa, bu ilin mart ayının 1-nə olan göstəriciyə görə, respublika üzrə uçotda olan 1.611.030 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,8 faiz, hüquqi şəxslərin sayı isə 7,5 faiz artıb.