
BAKI, 7 mart. TELEQRAF
Azərbaycanda bir sıra əmtəə nişanlı kərə yağlarının satışında qıtlıq yaranıb.
Teleqraf xəbər verir ki, “Dinçer və Carçıoğlu” şirkəti tərəfindən ölkəyə idxal edilən Finlandiya istehsalı olan "Valio" yağlarının satışına limit tətbiq edilib. Belə ki, 5 kiloqramlıq "Valio" yağlarının satışı dayandırılıb. Market və mağazalar kərə yağının az çəkidə olan qablaşdırmasını təklif edirlər. Qıtlığın səbəbini 5 kiloqramlıq yağın idxalının dayandırılması ilə əsaslandırırlar.
Maraqlıdır ki, anbarlarda əvvəlki aylardan qalan 5 kiloqramlıq "Valio"ların dəyəri isə 23,95 manatdan 26 manata yüksəlib.
Məlumat üçün bildirək ki, "Valio"nun illik satışları 2,3 milyard avro təşkil edir və Finlandiyanın ən böyük qida ixracatçısıdır. Məhsullar təxminən 50 ölkəyə istehlakçılar və sənaye üçün ixrac edilir. Hər həftə təxminən 200 gəmi konteyneri və "Valio" məhsullarının ixrac yükləri Finlandiyanı tərk edir. Azərbaycan Finlandiyadan 1 kq yağı 7,46 manata idxal edir.
Ümumiyyətlə Azərbaycana kərə yağı daha çox Avropadan gətirilir. Son aylar bölgədə kərə yağı ilə bağlı ciddi qıtlıq yaşanır. Supermarketlərdə müştəriyə maksimum 4 paket (hər biri 250 qram) kərə yağı satılır.
Qeyd edək ki, son zamanlar Azərbaycanda Avropa istehsalı olan kərə yağlarının qiyməti bahalaşıb. “Anchor” kərə yağının qiyməti 23,50 manat, "Yeni Zelandiya" yağının qiyməti isə 22 manat olub. “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28,55, Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27,50, “Best Cow” yağı (1 kq) - 23,19, “Westgold” (1 kq) - 23,90, Zelandiyanın “Colden Crown” yağı (1 kq) - 22,90 manata satılır.
Hələlik bu yağları ölkəyə gətirən subyektlər bahalaşmanın səbəblərini açıqlamayıblar.