
BAKI, 19 fevral. TELEQRAF
Sabirabad Pilot Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.
Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Sabirabad Pilot Aqroparkı "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində yaradılıb.
Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb.
Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik, toxumçuluq, heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.