
BAKI, 18 fevral. TELEQRAF
"Goldman Sachs" mərkəzi bankların güclü tələbi fonunda 2025-ci ilin sonuna qızıl qiymətləri ilə bağlı proqnozunu artırıb.
Teleqraf xəbər verir ki, bankın yeni proqnozuna görə, ilin sonuna qədər qızılın unsiyası 3100 dollara yüksələcək.
Maliyyə qurumunun açıqlamasına görə, mərkəzi bankların artan alışları və fond faiz dərəcələrinin aşağı düşməsi nəticəsində qızılın qiyməti ilin sonuna qədər 9% yüksələ bilər.
Bununla yanaşı, siyasi qeyri-müəyyənlik və ticarət tarifləri ilə bağlı narahatlıqlar davam edərsə, spekulyativ amillər səbəbindən qızılın 3300 dollara qədər bahalaşma ehtimalı istisna deyil.
Qeyd edək ki, "Goldman Sachs" mərkəzi bankların aylıq alış proqnozunu da yeniləyərək 41 tondan 50 tona qaldırıb. Əgər alışlar ayda orta hesabla 70 tona çatsa, qızılın dəyərinin 2025-ci ilin sonuna qədər 3200 dollara yüksələcəyi proqnozlaşdırılır. Digər tərədən ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini sabit saxlayarsa, bu halda qızılın ilin sonuna qədər 3060 dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Onu da bildirək ki, hazırda, Bakı vaxtı ilə saat 13:11-ə olan məlumata görə, beynəlxalq bazarlarda qızılın unsiyası 2 914 dollardan realizə edilir.