BAKI, 18 fevral. TELEQRAF

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt operatorlarına xəbərdarlıq edib. Buna səbəb son dövrlərdə vətəndaşlardan bağlamaların ünvana çatdırılmaması ilə bağlı artan şikayətlərdir.

Teleqraf xəbər verir ki, şikayətlərə əsasən, Türkiyə və Çindən sifariş edilən bağlamaları ünvanlara çatdırmalı olan bəzi poçt operatorları daşıma qaydalarını pozaraq, müştərilərə bağlamalarını poçt şöbəsindən götürməyi təklif edirlər. Bu təkliflər SMS və ya zəng vasitəsilə müştərilərə çatdırılır.

Şikayətlərin artması ilə əlaqədar olaraq İKTA müvafiq poçt operatorlarının rəhbərlərini dəvət edərək məsələyə aydınlıq gətirib. Görüş zamanı qanunvericiliyin tələbləri bir daha xatırladılıb və operatorlara nöqsanları aradan qaldırmaları üçün xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dərhal dayandırılmalıdır.

Bildirilib ki, müştəri sifariş zamanı evə çatdırılma seçib və buna görə ödəniş edibsə, poçt operatorunun bu xidməti müxtəlif yollarla əngəlləməsi yolverilməzdir. Bu cür halların baş verməsi operatorun əlavə qazanc əldə etməsinə şərait yaradır və hüquqi məsuliyyət doğura bilər.

Müzakirələrdə digər vacib məsələyə də toxunulub. Qeyd edilib ki, bəzi sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları bağlamanı təhvil vermək üçün müştərilərdən şəxsiyyət vəsiqəsindən əlavə sənədlər tələb edirlər. İKTA bildirir ki, poçt operatorları yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə sifarişçinin kimliyini təsdiqləyə bilər.

İKTA vətəndaşlara poçt xidməti seçərkən operatorun lisenziyasının olub-olmamasına diqqət yetirməyi tövsiyə edir. Şikayətləri olan vətəndaşlar İKTA-nın "E-Şikayət" sisteminə və ya mobil tətbiq vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda ölkədə 262 poçt rabitəsi operatoru fəaliyyət göstərir və onların ümumilikdə 934 aktiv lisenziyası mövcuddur. Lisenziyalı operatorların siyahısı İKTA-nın rəsmi saytında yerləşdirilib.