BAKI, 14 fevral. TELEQRAF

Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatların açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin adını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu siyahıda büdcə təşkilatları istisna olmaqla, özəl şirkətlər də yer alır.

2024-cü ilin ən çox vergi ödəyən özəl şirkətlər arasında birinci yeri "Tabaterra" MMC tutur. Belə ki, şirkət 689,3 milyon manat məbləğində vergi ödəyib.

Siyahıda "Kapital Bank" ASC 170,6 milyon manatla ikinci, "Azərbaycan Beynəlxalq Bankı" ASC 131,4 milyon manatla üçüncü yerdə qərarlaşıb. "Azercell Telekom" MMC 127,6 milyon manat, "Paşa Bank" ASC 105,7 milyon manat və "LUKoil- Azərbaycan" QSC-i isə 69,1 milyon manat vergi ödəyib.

Qeyd edək ki, bu məlumatlar Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasına uyğun olaraq, vergi ödəyicilərinin şəffaf fəaliyyətini təşviq etmək və vergi ödənişlərini artırmaq məqsədilə açıqlanıb.