
BAKI, 14 fevral. TELEQRAF
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bir sıra ölkələrdən jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması ilə bağlı açıq tenderlər elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Cənubi Koreya, İsrail, Çin, Hindistan, Özbəkistan və Qazaxıstandan dəvət olunacaq cəmi 160 qonaq üçün 3 tenderin ümumilikdə ehtimal olunan qiyməti 1 milyon 552 min 450.33 manatdır.
Cənubi Koreyadan 10, İsraildən 20 qonağın gətirilməsi nəzərdə tutulub, bu tenderin ehtimal olunan qiyməti 293 min 484,67 manatdır. Müsabiqədə iştirak haqqı 350 manatdır.
Çindən 30, Hindistandan 40 qonağın dəvət olunması nəzərdə tutulub, bu tenderin ehtimal olunan qiyməti 741 min 201,72 manatdır.
Özbəkistan və Qazaxıstanın isə hər birindən 30 nəfərin dəvət olunması nəzərdə tutulub, bu tenderin ehtimal olunan qiyməti 517 min 763,94 manatdır.
Son iki müsabiqədə iştirak haqqı 450 manatdır. Hər üç tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 7-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.