Rusiya aktivlərinin çıxarılmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasına qərar verilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin açıqlayıb.

Baş nazir ölkəsinə qarşı sanksiyaları müzakirə etmək üçün hökumət rəsmiləri ilə görüşdüyünü deyib: “Sanksiyalar səbəbiylə xarici sərmayəçilər siyasi addımlar atmaq məcburiyyətində qalıblar. İş dünyasının balanslaşdırılmış qərarlar qəbul etməsinə imkan yaratmaq üçün Rusiya aktivlərinin çıxarılmasına müvəqqəti məhdudiyyətlər haqqında prezident fərmanı hazırlanıb”.

Mixail Mişustin sanksiyalara qarşı idxalın əvəzlənməsi istiqamətində atılan addımların əhəmiyyət qazandığına diqqət çəkib: "Bu sahədə fəaliyyət göstərən şirkətlərə əlavə dəstək veriləcək. ABŞ və Avropa İttifaqı sanksiyaların təzyiqini artıraraq birbaşa Rusiya vətəndaşlarını hədəf alır. Rusiya sanksiyalara görə çətinliklər yaşayır. Sanksiyaya məruz qalan şirkətlərə və bu şirkətlərlə işləyən ruslara dəstəyi artırmaq lazımdır”.