BAKI, 8 avqust. TELEQRAF
Azərbaycanın tanınmış cüdo veteranı, Əməkdar Məşqçi Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında təşkil olunmuş mərasimdə gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, atıcılıq üzrə Olimpiya çempionu Zenfira Meftahəddinova, eləcə də bir sıra tanınmış idman veteranları iştirak ediblər.
Zenfira Meftahəddinova çıxış edərək Əhməddin Rəcəblinin çox gözəl mütəxəssis olduğunu vurğulayıb: “O neçə-neçə paralimpiyaçı yetişdirib. Onlardan biri də İlham Zəkiyevdir. Əhməddin müəllimə can sağlığı, uzun ömür, növbəti yubileylərini də idman aləmi ilə birlikdə qeyd etməyini arzulayıram”.
Digər çıxış edənlər də Əhməddin Rəcəblinin Azərbaycan idmanına verdiyi töhfələri yüksək qiymətləndirib, ona uzun ömür və möhkəm can sağlığı arzulayıblar.
Rəcəblinin özü isə təşkilatçılara minnətdarlığını bildirib: “Veteranlar İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Cüdo Federasiyası, Sərhədçi İdman Klubuna, eləcə də bütün cəmiyyət və klublara, bütün həmkarlarıma və məni yad edib bura gələn hər kəsə təşəkkür edirəm. 13 ildir təqaüddəyəm, fəal işləmirəm, amma qonaq kimi yarışları izləyirəm. Qürur duyuram ki, mənim sevimli idman növüm Azərbaycanda gözəl inkişaf yolunu tapıb. Tərlan Həsənovla birgə biz cüdonu respublikada yaydığımıza görə “Yapon İmperatoru” ordenini almışıq. Fəxrlə edirik ki, biz cüdo məşqçisiyik. Əkdiyimiz xırda ağac öz bəhrəsini veribdir. Azərbaycan cüdoçuları son olimpiya oyunlarında 7 qızıl medaldan ikisini qazanıb. Bundan gözəl nə ola bilər? Prezidentimiz İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bizim inkişafımız dünyanı heyran qoyubdur”.
Tədbir çərçivəsində veteran idmançının həyat və fəaliyyət yolunu əks etdirən video-süjet nümayiş olunub.