1 noyabr parlament seçkilərində ən çox deputat hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilib. Digər siyasi qüvvələrdən isə yalnız Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) iki nəfər deputat seçilə bilib.
VHP sədri Sabir Rüstəmxanlı namizədliyini irəli sürməsə də, onun müavini Fəzail İbrahimli və VHP üzvü Rafael Hüseynov deputat seçilə bilib.
Ancaq bəllidir ki, partiyanın adından ancaq sədr danışa bilər. Bu mənada VHP-nin adından parlamentdə kimin danışacağı da maraqlıdır.
VHP icra aparatının rəhbəri Samir Əsədli bildirib ki, Fəzail İbrahimli VHP Ali Məclisi və Siyasi Şurasının üzvüdür. Həm də VHP sədrinin ideoloji məsələlər üzrə müavinidir. Onun sözlərinə görə, F.İbrahimli partiyanın qurucularındandır: “VHP təsis olunan gündən bu günə qədər partiya sıralarındadır. Ziyalıdır, elmlər doktoru, professordur və bizim hörmətlə yanaşdığımız müəllimlərdən biridir. Təbii ki, Fəzail İbrahimli parlamentdə partiyanın maraqlarını ifadə edəcək, onun adından məsələləri qaldıracaq. Rafael Hüseynov da professordur, Ədəbiyyat Muzeyinin direktorudur. 2000-ci ildə partiya siyahısı üzrə deputat seçilib. Hazırda da namizədliyi partiya tərəfindən irəli sürülüb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətində təmsil olunur, Dağlıq Qarabağ münaqişəsinə dair daim dövlət maraqlarını müdafiə edir, müvafiq sənədlər və hesabatlar hazırlayır”.
VHP rəsmisi deyib ki, VHP-nin iki deputatı parlamentə daxil ola bildiyi üçün maliyyələşmə məsələsində problem olmayacaq: “Bildiyim qədər maliyyələşmə toplanan səs faizləri əsasında müəyyən edilir. Bizim iki millət vəkilimiz var. Yəqin ki, bu, hesablanacaq və maliyyə məsələsi həll ediləcək. Qanuna əsasən VHP-nin seçki hesabı var. Maliyyə nazirliyi də bir ildə rüblərə uyğun olaraq maliyyəni hesaba köçürür. Biz VHP olaraq Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna hesabat veririk. Həmçinin MSK-ya da hesabat veririk.”
“Mümkündürmü deputatlar VHP-yə maliyyə qazandırdığı üçün onun müəyyən bir məbləğini tələb etsinlər” sualına gəldikdə S.Əsədli deyir ki, qanunvericiliyin tələbi var: “Qanunun tələbinə uyğun olaraq əgər partiya üzvləri parlamentə seçilirsə, maliyyə də partiyanın hesabına köçürülür. İkincisi, VHP-dən deputat seçilən ziyalılar elə şəxslər deyillər ki, cığallıq etsinlər. Hər iki deputat professordur. Sabir Rüstəmxanlı seçkilərdə namizədliyini verməyib, amma müavini parlamentə seçilib. Hər hansı bir məsələ olanda Fəzail İbrahimli bunu Milli Məclisdə qaldıracaq. Maliyyələşmə məsələsində problem yaranmayacaq. Qanun nəyi tələb edirsə, prosedur qaydalarına əməl ediləcək. Bu məsələlər heç vaxt problem kimi ortaya çıxmayıb. YAP-dan sonra ən çox deputatı olan VHP hesab olunur. Türkiyədə siyasi quruluş fərqli olduğundan onlarda parlamentə ikinci ən çox deputat daxil edən partiya ana müxalifət adlanır. Bizdə isə quruluş fərqlidir. Təbii ki, hazırda ana müxalifət partiyası VHP hesab olunmalıdır”.
VHP funksioneri daha sonra deyib ki, 2015-ci ildə qurultaylarını başa çatdırmaq niyyətindədirlər. Onun sözlərinə görə, 2016-cı ilin sentyabrında VHP-nin yaranmasının 24 illiyidir: “Biz sentyabra qədər bu prosesi yekunlaşdıracağıq. Hazırda rayon təşkilatlarının konfransları keçirilməlidir. Bizdə 12 rayon təşkilatı konfransını keçirib. VHP-nin isə 81 rayon təşkilatı var. Biz bu prosesi yekunlaşdırıb qurultaya gedəcəyik”.
Cavidan