CƏLİLABAD, 1 fevral. TELEQRAF
Cəlilabadda baş verən baltalanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə zamanı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı əmiləri tərəfindən öz evlərinin həyətində balta ilə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs dörd dəfə məhkumluq həyatı yaşayıb. Eyni zamanda bildirilir ki, o, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
***
17:50
Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb.
Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.