BAKI, 24 yanvar. TELEQRAF
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar İstanbul və İzmir də daxil olmaqla bir sıra bölgələrdə hiss olunub.
Teleqraf xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 00:24-də baş verən zəlzələnin ocağı 11,04 kilometr dərinlikdə yerləşib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da açıqlama verərək bütün aidiyyəti qurumların operativ şəkildə sahə yoxlamalarına başladığını bildirib.
“Balıkəsirin Sındırgı rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Ətraf vilayətlərdə də hiss olunan yeraltı təkanlarla bağlı AFAD və aidiyyəti qurumlarımızın bütün qrupları dərhal əraziyə cəlb olunub. Zərərçəkən vətəndaşlarımıza keçmiş olsun”, – deyə nazir vurğulayıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə vətəndaşları yalnız rəsmi qurumların yaydığı təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
O bildirib ki, bütün dövlət qurumları öz səlahiyyətləri çərçivəsində vəziyyətin qiymətləndirilməsi və sahə yoxlamalarını diqqətlə davam etdirir və vətəndaşlardan təsdiqlənməmiş məlumatları yaymamaq xahiş olunur.