BAKI, 24 yanvar. TELEQRAF

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Dera İsmail Xan dairəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, cümə axşamı axşam saatlarında terrorçu-kamikadze yerli icma rəhbərinin evində keçirilən toy mərasimi zamanı üzərindəki partlayıcı qurğunu işə salıb. Yaralanan şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Hayber-Paxtunxva əyalətinin qubernatoru Faysal Kərim Kundi həlak olanların ailələrinə başsağlığı verib. O, xəsarət alanlara bütün zəruri tibbi yardımın göstərilməsi və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş verib.