BAKI, 23 yanvar. TELEQRAF

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana ekstrasidiya olunan şəxslər Amal Əzizov və Əbülfət İsmayılzadə Dövlət Gömrük Komitəsində qaçaqmaqmalçılığa görə başlanmış cinayət işi üzrə axtarışa verilən şəxslərdir.