BAKI, 22 yanvar. TELEQRAF

Bakınnn Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf-a verilən xəbərə görə, rayonun Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

"Qeyd edək ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.

Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir" - deyə idarənin yaydığı məlumatda qeyd olunub.