AĞDAM, 27 avqust. TELEQRAF
Ağdamın Xındırıstan kəndində baş verən hadisədə 2 yaşlı Musa Rəhimov atasının döyməsi nəticəsində ağır bədən xəsarətləri alıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alan uşaq Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti kəskin ağır olub və hazırda reanimasiya şöbəsində müalicə alır.
Hadisəni törətməkdə şübhəli bilinən Sadiq Rəhimov (uşağın atası) polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
***
Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətləri ilə yaxından maraqlanırlar.
İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozublar.
Mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir".