BAKI, 14 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.

Bu barədə Teleqraf-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

Agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.