Yunanıstan Xarici İşlər Nazirliyi Hörmüz boğazında Yunanıstan yük gəmisinə hücumu rəsmi olaraq təsdiqləyib.
Teleqraf xəbər verir ki, XİN rəhbəri Georgios Gerapetritis CNN-ə verdiyi müsahibədə hadisənin həqiqətən baş verdiyini, lakin gəminin İran qüvvələri tərəfindən ələ keçirildiyi barədə məlumatı təsdiqləyə bilmədiyini bildirib.
Hadisə ilə əlaqədar olaraq, Yunanıstan hakimiyyəti ölkəyə məxsus bütün gəmilərə təcili xəbərdarlıq göndərib, onları maksimum ehtiyatlı olmağa və mümkün olduqda boğazdan keçməməyə çağırıb.
Daha əvvəl "Reuters" agentliyi İranın Fars körfəzindən çıxmağa çalışan iki konteyner gəmisini ələ keçirdiyini bildirmişdi.
SEPAH Panama bayrağı altında üzən MSC Francesca və Liberiya bayrağı altında üzən Epaminondas gəmilərinin ələ keçirildiyini təsdiqləyib.
Hücuma məruz qalan gəminin kapitanının sözlərinə görə, İran motorlu qayığı konteyner gəmisinə yaxınlaşıb və radio əlaqəsi qurmadan atəş açaraq gəminin körpüsünə ciddi ziyan vurub. Yunanıstanın operatoru olan Technomar Shipping Inc. vəziyyətlə bağlı şərh verməkdən imtina edib. Yunanıstan sahil mühafizəsinin məlumatına görə, Epaminondas gəmisinin heyətində Ukrayna və Filippin vətəndaşları da daxil olmaqla 21 nəfər olub.