Qusar rayonunda yerləşən istirahət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanılıb.

Teleqraf.com xəbər verir ki, fakt üzrə Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə yanğın baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.