“Yeni hərbi qruplaşma ilə 366-cı alay arasında fərq görmürəm”
Əslində danışıqların davam etdirilməsinin xeyri yoxdur. Düzdür, beynəlxalq qaydalara görə, bütün müharibələrin sonu sülh prosesi ilə başa çatır. Yəni danışıqlar gedir və sonda sülh əldə edilir. Amma bizdə danışıqlar prosesinin ömrü uzun sürdü. Yəni 1994-cü ildə atəşkəs elan edilib və 22 ildir aparılan danışıqların sonu olmalıdır ”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridir: “Ancaq Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin heç biri icra edilmir. ATƏT-in həmsədrləri xristian klubu kimi Ermənistanı müdafiə edir, işğal edənlə, torpağı işğal ediləni eyni statusda görməyə çalışırlar. Belə şəraitdə növbəti danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir şey deyil”.
Cümşüd Nuriyev qeyd edib ki, hazırda Ermənistanda daxili siyasi vəziyyət gərgindir: “Aprel döyüşlərindən sonra Ermənistanda qarşıdurma gücləndi. İndiki şəraitdə danışıqların getməsi Ermənistanın yenidən özünə gəlməsinə xidmət edərdi. Açığı, beynəlxalq güclər də buna çalışır. Məsələn, ABŞ-ın ölkəmizdəki səfiri Sekuta deyir ki, biz müharibə variantına icazə vermərik. Mən bilmirəm, biz haçan Amerikadan icazə istəmişik ki, bunlar da bizə icazə vermir. Məncə, ATƏT çərçivəsində gedən danışıqların mənası yoxdur. Bəlkə format dəyişməlidir, bura müsəlman ölkələri də daxil olmalıdır. Və yaxud Türkiyə bu formata əlavə edilməlidir. Başqa halda alınan deyil. Görünən odur ki, yenidən bu məsələni uzatmağa çalışırlar. Hazırda Ermənistan Rusiya ilə yeni saziş imzalayıb, birgə ordu yaradırlar və s. Mən bu ordu ilə SSRİ zamanı Xocalıda fəaliyyəti olan 366-cı alay arasında fərq görmürəm. Türkiyə-Rusiya münasibətlərinin normallaşdığı bir məqamda Ermənistan-Rusiya birgə ordu qruplaşmasının yaradılması bir qədər təəccüblü görünür. Onsuz da bu iki ölkə Kollektiv Müqaviləsi Təşkilatında hərbi müttəfiq idilər. Hər halda mən inanmıram ki, ATƏT formatında Qarabağ münaqişəsi həll edilsin. Ermənilər yalançıdır və onların arxasında duranlar da ancaq öz maraqlarını qoruyur. Biz kimdən nə gözləyirik? Donald Trampın nə edəcəyini bilmirik. Rusiyanın da hansı gündə olduğunu görürük. Danışıqlara gedək, amma bunun siyasi nəticəsi olmayacaqsa, formatın dəyişdirilməsini tələb etməliyik”.
Cavad