BAKI, 31 may. TELEQRAF

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Zaporojye Atom Elektrik Stansiyasının 6-cı enerji blokuna edilən pilotsuz uçuş aparatı hücumundan sonra yaranan zədələrin fotolarını yayımlayıb.

Teleqraf xəbər verir ki, Ulyanov görüntüləri "X" sosial şəbəkəsində paylaşıb.

Yayımlanan fotolarda enerji blokunun binasının fasadında zədələr, sınmış şüşələr, pilotsuz uçuş aparatının qalıqları və konstruksiyada yaranmış deşik görünür.

"MAQATE-nin baş direktoru dünən dediyi kimi, onlar odla oynayırlar", - deyə rusiyalı diplomat paylaşımında qeyd edib.

Qeyd edək ki, mayın 30-da "Rosatom"un rəhbəri Aleksey Lixaçov Ukraynaya məxsus döyüş dronunun Zaporojye AES-in 6-cı enerji blokunun maşın zalı binasına zərbə endirdiyini bildirmişdi.