BAKI, 31 may. TELEQRAF

"Ermənistanda Rusiya qazından başqa digər bir qaz heç vaxt olmayacaq, bazar qiymətləri ilə tədarük zamanı isə vəziyyət çox mürəkkəb ola bilər".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Vesti" telekanalının efirində bildirib.

O, qaz bazarındakı vəziyyəti çox yaxşı bildiklərini vurğulayıb:

"Ermənistanda Rusiya qazından başqa qaz heç vaxt olmayacaq. Bütün məsələ yalnız ondan ibarətdir ki, Ermənistan Rusiya qazını haradan alacaq və hansı vasitəçiyə pul ödəyəcək. Bu halda Ermənistanda vəziyyət çox mürəkkəb olacaq, biz isə bunu istəmirik".

A.Overçukun sözlərinə görə, Avropa da hələ də Rusiya qazını almağa davam edir:

"Ona görə də onların xəritəyə baxması kifayətdir. Hazırda orada hansı kəmərlərin fəaliyyət göstərdiyinə baxan kimi Rusiya qazını kimdən alacaqlarını dərhal görəcəklər. Təbii ki, bu, artıq 30 faizlik ixrac rüsumu, bazar qiyməti və vasitəçilərin də öz gəlir payını götürmək istəyi nəzərə alınmaqla baş verəcək".