BAKI, 31 may. TELEQRAF
Ukrayna hərbçiləri ötən gecə cəbhə xəttindən təxminən 700 kilometr məsafədə yerləşən Saratov neft emalı zavoduna və Rusiyanın Xəzər dənizindəki hərbi dəniz bazasına uzaqmənzilli zərbələr endiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı Rusiyanın Rostov və Kirov vilayətlərindəki obyektlərin də vurulduğunu qeyd edərək orduya təşəkkür edib. V.Zelenski vurğulayıb ki, bu həftə ərzində Ukrayna sərhədindən 300-dən 1200 kilometrədək məsafədə yerləşən Yaroslavl, Ryazan, Voronej və Krasnodar da daxil olmaqla bir çox regionlardakı strateji hədəflər uğurla məhv edilib.
Ukrayna lideri uğurlu əməliyyatlara görə Silahlı Qüvvələrə, Təhlükəsizlik Xidmətinə (SBU) və kəşfiyyat qurumlarına minnətdarlığını ifadə edib.