BAKI, 31 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın şərtlərini sərtləşdirərək yenilənmiş təklifləri Tehrana göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yenilənmiş şərtlər artıq İran tərəfinə təqdim olunub. Lakin Vaşinqtonun yeni təklifinin konkret detalları açıqlanmır.

Qəzetin həmsöhbəti olan amerikalı rəsmilərdən biri bildirib ki, sənədə edilən dəyişikliklər Tehrana əlavə təzyiq göstərmək və danışıqlar prosesini sürətləndirmək məqsədi daşıyır.

Nəşr xatırladıb ki, daha əvvəl Donald Tramp İranın ABŞ-ın təkliflərinə kifayət qədər sürətli cavab vermədiyini düşündüyünü bildirmişdi.

ABŞ və İran arasında danışıqlar nüvə proqramı və iki ölkə arasındakı gərginliyin azaldılması istiqamətində davam edir.