Aprelin 30-da keçirilən İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının 18-ci ümumi yığıncağı ətrafında qalmaqal yaşanır. Yığıncaqda qurumun ötən dövr ərzində gördüyü işlərin hesabatı verilib və qarşıda duran məsələlər müzakirə edilib. Aparılan müzakirələr zamanı bəlli olub ki, koalisiyanın mövcud problemlərindən biri də onun siyasiləşməsi, ayrı-ayrı siyasi partiyaların, konkret olaraq AXCP və Milli Şuranın təsiri altına düşməsidir.
Koalisiyanı siyasiləşdirmək cəhdi
Koalisiyasının koordinatoru olmuş Əliməmməd Nuriyev çıxışında yığıncaqdakı çıxışında bu məqama toxunaraq koalisiyanın siyasiləşməsini birmənalı şəkildə pisləyib. Çünki qurumun siyasiləşməsi Azərbaycanın imicinə ciddi təsir göstərir.
Qeyd edək ki, 2015-ci ilin aprelində Azərbaycanın MHŞT-də statusu namizədlik səviyyəsinə endirilib. Bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. Azərbaycan MHŞT-də əvvəlki statusunu bərpa etmək üçün qaldırılmış məsələlərin əksəriyyətini həll edib. Bu mənada ümumi yığıncağın demokratik şəkildə keçirilməsi ölkəmiz üçün vacib idi.
Yığıncaqda əsas məsələlərdən biri də ümumi Şura və Monitorinq Qrupuna yeni üzvlərin seçilməsi idi. Ümumi Şuranın yeni tərkibi koalisiya daxilində ciddi narazılıq yaradıb və qalmaqala səbəb olub. Xatırladaq ki, Ümumi Şuraya seçilənlər iqtisadçı ekspertlər Sabit Bağırov, Azər Mehtiyev, Qubad İbadoğlu, İlham Hüseynli, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, MSK-ın sabiq üzvü Akif Qurbanov, QHT nümayəndələri Ruhəngiz Hüseynova, Əlövsət Sadıqlı, Azər Rəsulov, Məmmədhəsən Həsənov və Oqtay Gülalıyev olub.
Koalisiyada hesab edirlər ki, Şuranın yeni üzvlərinin əksəriyyəti siyasi partiyaların nümayəndələridir və onlar öz aralarında sövdələşmələrə gedərək rəhbər quruma seçiliblər.
Milli Şura ilə Koalisiyanı nə bağlayır?
Koalisiyanın üzvü Mehriban Vəzir Şura üzvü Oqtay Gülalıyevin Milli Şuraya ünvanladığı müraciəti paylaşıb. Oqtay Gülalıyev müraciətdə seçildiyinə görə Milli Şuraya təşəkkür edib: “Dostlar, Şuranın 50+1, Monitorinq Qrupunun isə 2/3 tərkibinə bizim təklif etdiyimiz namizədlər seçildi. O cümlədən bəndəniz yüksək səslə Koalisiya Şurasına üzv seçildi. Çox ciddi uğur əldə etdik. Sizlər də daxil olmaqla əməyi keçən, dəstəkçi olan, diqqət yetirən bütün dostlara təşəkkür edirəm. Həftənin birinci günü Bakıda səfərdə olan EİTİ üzrə Beynəlxalq Katibliyin nümayəndəsi, regional direktor Dyveke Roganın yeni Şura ilə görüşü olacaq. Mən həmin görüşdə həbsdə olan Koalisiya üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlının məsələsini qaldıracam”.
Mehriban Vəzir isə sual edib ki, Oqtay Gülalıyevin Milli Şuraya müraciətində “Şuranın 50+1, MQ- nın isə 2/3 tərkibinə bizim təklif etdiyimiz namizədlər seçildi” fikrində, “biz” deyərkən hansı siyasi qrup nəzərdə tutulur. O həmçinin Milli Şura Koalisiyanın seçkilərində hansı rol oynadığı ilə bağlı Koalisiyaya müraciət edib.
Sözügedən müraciətlə bağlı Oqtay Gülalıyevə müraciət etdik. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, hər hansı qurum daxilində olan müzakirələr mətbuata çıxmamalı, təşkilat daxilində həllini tapmalıdır: “Müzakirələrlə bağlı geniş bilgi verə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, Koalisiyanın aprelin 30-da keçirilən ümumi yığıncağı məhsuldar keçirildi, yeni rəhbərlik formalaşdı, Şura və Monitorinq Qrupunun üzvləri seçildi. Kifayət qədər demokratik və şəffaf seçki oldu, bütün seçki prosesi əvvəldən axıradək video lentə alınıb və nəticə ümumi yığıncaq tərəfindən təsdiqlənib, hər hansı pozuntu olmayıb”.
Oqtay Gülalıyev Koalisiyanın siyasiləşdiyi ilə bağlı ittihamlara belə cavab verib: “11 nəfərlik Şura tərkibindən və 16 nəfərlik Monitorinq Qrupunun təmsilçilərindən cəmi 3 nəfərin siyasi mənsubiyyəti var. Onlardan biri mənəm, AXCP üzvü İlham Hüseynli və KXCP üzvü Məhəmmədhəsən Həsənovdur. Bu insanlar da zaman-zaman həm Koalisiyanın rəhbərliyində təmsil olunublar, həm də əvvəlki illərlə müqayisədə bizim siyasi aktivliyimiz indi aşağı düşüb. Koalisiya rəhbərliyində siyasi mənsubiyyəti olan insanların sayının 8 nəfərdən ibarət olduğu vaxtlar olub. Ancaq bu say indi 3 nəfər düşüb. Biz də aktiv siyasi fəaliyyətlə məşğul şəxs kimi yox, vətəndaş cəmiyyətinin fəal simaları kimi tanınırıq. O baxımdan bu iddiaları doğru hesab etmirəm”.
“Milli Şuranın keçmiş üzvü Mehriban Vəzir Milli Şuraya ünvanladığınız məktubu üzə çıxarıb, belə məktub göndərmisiniz” sualını isə O.Gülalıyev belə cavablandırıb: “Mehriban Vəzir indi də Milli Şuranın üzvüdür, hesab edirəm ki, bu məsələlər qurum daxilində müzakirə olunmalıdır. Bağlı qruplarda gedən müzakirələri mediaya çıxarmağı etik hesab etmirəm və bu haqda danışmağı məqbul saymıram”.
"Siyasi qruplaşmalar yığıncağın taleyini həll etmişdi"
Koalisiya üzvü Sahib Məmmədov isə Teleqraf.com-a ümumi yığıncaq və ondan əvvəl baş verən proseslər haqda geniş danışıb. Onun sözlərinə görə, aprelin 30-da keçirilmiş səsvermənin nəticələrini heç kəs şübhə altına almır: “Amma səsverməyə qədər müəyyən siyasi qruplaşmalar yığıncağın taleyini həll edib. Oraya öz təsir dairələrində olan QHT-ləri yerləşdiriblər, təlimatlandırıblar, nəticədə əksəriyyət səsləri toplayıblar. Bu da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mandatına ziddir. Koalisiya siyasətdən kənar qurumdur, Oqtay Gülalıyev isə məktubunda verilən dəstəyə görə Milli Şuraya təşəkkür edib və qalib gəldiklərini qeyd edib. Bizdə siqnallar vardı ki, onlar kafelərdə görüşlər keçirib əks kampaniyalar aparırdılar. Necə olur Koalisiyaya ilk dəfə qoşulan şəxs 90-dan yuxarı səs toplayır, ancaq onun təsisçisi olan, bu sahədə uzun illər tədqiqatlar aparmış insanlar isə 20-30 səs yığa bilir? Yaxud MSŞA-nın patriarxı sayılan, ilk koordinatorumuz olan Sabit Bağırov 50 səsi güclə toplayır. Bəzi adamlar prosesi qarışdırır, deyirlər seçkidə saxtakarlıq olub, amma mən belə düşünmürəm, saxtalaşdırmadan söhbət gedə bilməz. Sadəcə seçkinin taleyi seçkiyədək həll olunub. Oqtay Gülalıyevin məktubundan görünür ki, onlar siyasi bəyanatlar vermək fikrindədir. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü hökumətə qarşı təzyiq kimi istifadə etmək niyyətindədirlər. Azərbaycanın üzvlük statusu namizədlik statusuna endirilib və indi Azərbaycanın yenidən üzvlük məsələsi var. İndidən şantaj edirlər ki, filankəslər idarəçiliyə buraxılmalıdır. Bunu başa düşürəm, buraxılsın, ancaq mandat çərçivəsindən kənara çıxmalar olmamalıdır. Bu isə yaxşı heç nə vəd eləmir”.
Onun fikrincə, Koalisiyaya gələcək dövlət və donor vəsaitlərinin siyasi hakimiyyət uğrunda mübarizəyə sərf olunacağı riski var: “Biz bundan ehtiyatlanırıq. Kimin seçilməsi önəm daşımır. İndiyədək dəfələrlə olub ki, müəyyən tərəflər arzulayıblar, ancaq rəhbərliyə seçilə bilməyiblər. Rəqabətli mühitin olması özlüyündə yaxşıdır. Ancaq hazırda monopoliya yaradılıb. Acınacaqlı vəziyyət odur ki, müxalifət hakimiyyət uğrunda mübarizə aparmalıdır. Bunlar indi gəlib QHT-də hakimiyyət uğrunda mübarizə aparır. Görün nə qədər acınacaqlı duruma düşüblər”.
Qruplaşmanın başında kimlərin dayandığına gəlincə, Sahib Məmmədov hesab edir ki, hər şey Oqtay Gülalıyevin məktubundan aydın görünür: “Milli Şura adlanan qurum və Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah adlanan hərəkatı arasında sövdələşmələr olub, alyans yaradıblar. Qubad İbadoğlu deyir ki, bu, QHT-dir, sənədləri də Ədliyyə Nazirliyinə verib. İctimai Birlik sayılsa da, siyasi ambisiyalar ortaya qoyub, yerlərdə təsis konfransları keçirib, əslində siyasi qruplaşmadır. Sövdələşmə ancaq vətəndaş cəmiyyəti strukturları arasında olsaydı, buna normal yanaşmaq olardı. Hansısa qrup hansısa qrupla dil tapıb öz namizədlərini keçirsəydi qəbul olunardı. Burada qeyri-anormal olan odur ki, idarəedici orqan tam siyasiləşdirildi”.
Şuranın taleyinin necə olacağına gəlincə, Sahib Məmmədov düşünür ki, seçilən heyət tam legitimdir.
O, Oqtay Gülalıyevin Milli Şuraya ünvanlanan müraciətində yüksək səs toplaması fikrinə də münasibət bildirib: “Oqtay Gülalıyev Milli Şuraya müraciətində yazıb ki, sizin dəstəyinizlə qələbə çaldıq və bəndəniz də yüksək səslə keçdim. Əslində o, səs dilənirdi, insanların yanında durub deyirdi ki, xahiş edirəm, mənə səs ver. Səs dilənçiliyinin hesabına çox səs toplayıb. Düzdür, dilənçilik etməsəydi, belə keçəcəkdi. Səsdən ötrü kiməsə minnətçi düşmək qürurverici hal deyil. Məsələnin mənəvi tərəfi var. Xanımları əvvəlcədən aldadıblar, səs verəcəklərinə vəd edib sonra onlara səs verməmişdilər”.
Nərgiz